Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir.
Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.
Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur.
Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
mülki hüquq subyektlərinin bərabərliyi;
mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;
mülkiyyətin toxunulmazlığı;
müqavilələr azadlığı;
şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;
mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
pozulmuş hüquqların bərpasının təmin edilməsi;
mülki hüquqların məhkəmə müdafiəsi.
Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.